23.11.2024

STADA Azerbaijan BMT-nin Bakıda keçirilən ən böyük iqlim konfransında

11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirildi. Bu sessiya iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərdə mühüm bir mərhələyə çevrildi.


Şərq və Qərbin, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, müxtəlif maraqlı tərəflər, o cümlədən hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün əhəmiyyətli platformanı təmin etdi.


İqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirən ölkəmiz “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırır. 


Prezidentin sərəncamına əsasən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili!” elan edilib və ölkə 1990-cı illə müqayisədə istixana qazı tullantılarını 2030-cu ilədək 35%, 2050-ci ilədək isə 40% azaltmaq niyyətindədir.


STADA şirkətinin Azərbaycandakı əməkdaşları ekoloji gündəliyin inkişafına töhfə verən qeyri-hökumət təşkilatlarının nümayəndələri kimi iştirak ediblər. 


Əməkdaşlar artıq 100-dən çox ağac əkmiş, habelə sonrakı emal üçün kağız və batareyaların ayrıca yığımını aparırlar.


“Bütün dünya üçün bu cür mühüm bir tədbirdə iştirak etmək maraqlı idi. Sevindirici haldır ki, bizim də paylaşacağımız çox şey var, davamlı inkişaf sahəsində artıq müsbət təcrübəyə sahibik və gələcəyə planlar qurmaqdayıq. Ümumilikdə regionumuz bu istiqamətdə olduqca fəaldır və bu, çox sevindirici haldır! Gələcək nəsillərin bizə minnətdar olacağını bilmək çox xoşdur” - deyə Azərbaycandakı Country Head Fərəh Sadıxova bildirib.


Konfransda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını imzalayan 198 ölkənin nümayəndə heyəti iştirak edib.


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il dünya ictimaiyyətinin görünməmiş diqqətini çəkmişdir.


COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib ki, qeydiyyatdan keçmiş iştirakçılar arasında dünyanın hər yerindən olan 2700 media nümayəndəsi iştirak edir. Qalan qonaqlar rəsmi nümayəndə heyətlərinin üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müşahidəçilərdir.